Xalqlar da insanlar kimidir və hər bir xalqın taleyi bir cür yazılıb. Hansısa xalqın alnına xoşbəxtlik, hansınasa bədbəxtlik yazılıb. Xalq da var ki, onun taleyi mübarizə xəmiri ilə yoğrulub. Biz taleyimizə mübarizə yazılan xalqıq. Əslində bədbəxtlik də, xoşbəxtlik kimi artıq bitmiş və ya dayanmış bir prosesdir. Ancaq mübarizə isə odur ki, sən bitməmisən, dayanmamısan, əksinə varsan, yaşayırsan və hərəkətdəsən, çünki sən mübarizə aparırsan!
Bəli, biz mübarizə aparırıq, özü də bütün sahələrdə! Siyasətdə, diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə, idmanda. Mübarizə aparmaq normaldır və hətta çox yaxşıdır. Normal olmayan mübarizəni yalnız qarşında olan kiminlə isə deyil, kimlərlə, yəni çoxluqla aparmaqdır. Yaxşı olmayan isə odur ki, biz çox vaxt həm də görünməyən tərəflərlə və hətta neytral və ədalətli olmaqla bərabər bizimlə mübarizə aparmamaq öhdəliyinə sahib olan tərəflərlə mübarizə aparmalı oluruq.
Bu cür mübarizəmizin böyük hissəsi otuz ilə yaxın zamanda ən yaralı yerimizdən ən güclü yerimizə çevrilən Qarabağla bağlıdır. Siyasətdə ATƏT kimi təşkilatların qərəzli siyasi hakimləri, mədəniyyətdə UNESCO kimi təşkilatların qərəzli mədəni hakimləri, idmanda da UEFA kimi təşkilatların qərəzli idman hakimləri Qarabağ mövzusunda bizi vurmağa çalışıblar. Hansı ki, hamısı nəinki bizimlə mübarizə aparmamalıdırlar, əksinə neytral, qərəzsiz və ədalətli olmalıdırlar. Olmadırlar və deyillər. Elə biz də onların düşündükləri kimi sadəlövh olmadıq və ruhdan düşmədik.
1987-ci ildən Qarabağ problemimizin yaranması ilə özünün 36 illik adını Qarabağ adına dəyişən qürur yerimiz Qarabağdakı doğma satdionunda olmasa da, hər yerdə bizim üçün və qələbəmiz üçün mübarizə apardı. Bizim xalq və dövlət olaraq ona bir borcumuz var idi. Qarabağ torpağını və doğma stadionunu qaytarmaq və ona təhvil vermək. Otuz il sonra biz torpağı və Vətəni kimi idmanı və futbolu da hamıdan çox sevən, Qarabağa isə həm vətən torpağı olaraq, həm də futbol klubu olaraq canından artıq dəyər verən Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bu şərəfli missiyanın öhdəsindən uğurla gəldik. Bütün torpaqlarımızı, o cümlədən də “Qarabağ”ın doğma stadionunu düşmən tapdağından azad etdik.
Bütün dünyanın gözü qarşısında 21 dekabr 2023-cü ildə Qarabağın paytaxtı Xankəndi stadionunda otuzillik mübarizəmizin hədəfinin adını daşıyan Qarabağla bizi bu hədəfə çatdıran qalib ordumuzun komandası olan MOİK arasında rəmzi oyun başladı. Həmin oyun Vətənimizin bütövlüyü və suverenliyimizin tam təmini baxımından olduğu kimi, futbolumuzun və “Qarabağ” klubunun tarixində də yeni dövrün başlanğıcı oldu. Bütün mübarizələrdə Azərbaycan xalqının və dövlətinin lideri olan Prezident İlham Əliyev 21 dekabr 2023-cü il, saat 14:00-da topa usta toxunuşu ilə oyunu özü başlatdı. Bu, qazandığımız tarixi Zəfərin memarı tərəfindən böyük qələbələr çalmaq üçün topun və estafetin Qarabağa ötürülməsinin işarəsi idi. Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən həmin oyunun son dəqiqələrində qolu 19 yaşlı Qarabağ klubunun meydandakı ən gənc oyunçusu Nəriman Axunzadə vurdu. Elə o tarixdən iki ay sonra da, Bakıda keçirilən Avropa Liqasının 1/8 final mərhələsinə keçmək üçün həlledici döyüşdə də son dəqiqələrdə Nəriman Axundzadə dövrəyə girdi və oyunun son nöqtəsini qoydu. O Nəriman Axundzadə ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə onunla eyni ildə doğulan igidlərimiz bayrağımızı Qarabağa sancdılar. Nəriman da o müqəddəs bayrağı təhvil alıb Avropanın futbol arenalarının mərkəzinə sancdı.
Bax budur Vətən, torpaq və Azərbaycan sevgisi, ona ləyaqətli xidmət! Ancaq on nəfərlə mübarizə aparmaq məcburiyyətində qaldığımız o meydanda Qurban Qurbanovun rəhbərlik etdiyi komandamızda Nəriman tək deyildi. O şanlı mübarizədə Nəriman kimi əslən azərbaycanlı olmayıb, ancaq dünənki döyüşdə əsl azərbaycanlı kimi mübarizə aparan Marko Yankoviç və digərləri də var idi. O da 120 dəqiqə bizimlə birlikdə təkcə “Braqa”nın oyunçularına qarşı deyil, bir çox hallarda gözümüzün içinə baxaraq ədalətsiz qərarlar verən hakim kimi anti-Azərbaycan qüvvələrə qarşı da mübarizə aparırdı. Eynən Qarabağ müharibəsində düşmənlərimizə qarşı mübarizədə şəhid olan Aqarunov kimi. Meydanda olduğu bütün vaxt ərzində hər saniyəsini iliyinə qədər mübarizə aparan və qələbəmizə ən az bizim qədər sevinən Yankoviç bir çox azərbaycanlı adını daşıyıb, ancaq heç vaxt azərbaycanlı ola bilməyənlərə nümunə olmalıdır. Ölkə xaricində və daxilində möhtəkirlər və münafiqlər kimi dövlətinə və xalqına qarşı mübarizə aparmaq üçün hər şeyi edən, qələbəmizə sevinmək əvəzinə kədərlənənlər, ilk nəfəsindən ən son hüceyrəsinə qədər azərbaycanlı olan Nərimandan nümunə götürə bilməsəniz də, heç olmasa sonradan azərbaycanlı olan Yankoviçdən və digərlərindən Azərbaycan üçün mübarizə aparmaqda nümunə götürün. Çünki bu dövlət və bu xalq mübarizə aparır! Mübarizə aparırsansa, deməli qalib gəlmək şansın həmişə var! Ancaq şərəfli qələbə çalmaq üçün təkcə mübarizə aparmaq kifayət deyil. Bu mübarizəndə həm ədalətli, həm haqlı, həm də şərəfli olmalısan! Bax əsas məsələ bunlardır. Onlar olmadan mübarizə aparmağa belə dəyməz!
Xəyal Bəşirov,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri