Nərimanov İH-dən ağacların quruması xəbərlərinə reaksiya

nerimanov-ih-den-agaclarin-qurumasi-xeberlerine-reaksiya
Oxunma sayı: 1415

Nərimanov rayon İcra Hakimiyyəti Aşıq Molla Cümə küçəsindəki mövcud yaşıllıq sahəsində ağacların quruması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

İH-dən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir:

“Bəzi KİV-də qeyd olunmuş, Nərimanov rayonu Aşıq Molla Cümə küçəsindəki mövcud yaşıllıq sahəsində ağacların quruması ilə bağlı yazılara Nərimanov rayon İcra Hakimiyyətində baxılmış, həqiqətə uyğun olmayan məlumatlar aşkar edilib.

Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) olaraq bildiririk ki, həmin ərazidə 2013-cü ildə 7,47 ha ümumi sahəsi olan, metal lövhəli çəpərlə əhatə olunmuş üç ədəd ayrı-ayrı yaşıllıq sahəsi yaradılıb. Qeyd edirik ki, həmin ərazidə RİH tərəfindən, o cümlədən İH-nin təşəbbüsü ilə mütəmadi olaraq keçirilmiş iməciliklər yolu ilə təxminən 5.000 ədədə yaxın müxtəlif cinsli ağaclar əkilib. Ağaclara qulluğun və suvarılmasının təmin olunması üçün xüsusi işçi qrupları ayrılıb, 4 ədəd artezian quyusu vurulub, su anbarları tikilib, 2 ədəd su daşıyan maşın təhkim olunub, damcı-suvarma sistemi yaradılıb. Əkilmiş ağacların növünə gəldikdə əsasən yerli iqlimə uyğunlaşmış həmişəyaşıl iynəyarpaqlı leylandra, eldar şamı, küknar və xan çinarı növlərini qeyd etmək olar.

Lakin ərazidəki ağaclara daimi qulluq və kultivasiya (dərmanlanma, budanma və sair) işlərinin aparılmasına baxmayaraq müxtəlif parazitar xəstəliklər səbəbindən mütəmadi olaraq leylandra ağaclarının quruması müşahidə edilir. Bununla yanaşı qeyd edirik ki, ərazi tərəfimizdən nəzarətdə saxlanılaraq qurumuş ağaclar çıxarılaraq yerində yenilərinin əkilməsi daim təmin olunur. Belə ki, mövsümi olaraq bu ilin yaz aylarında 67 ədəd qurumuş və zədələnmiş leylandra ağacı yenisi ilə dəyişdirilib. Hazırda qurumuş ağacların dəyişdirilməsi isə ağacların köküstə bitməsi üçün tələb olunan mövsümi iqlim şəraitini nəzərə alaraq sentyabr ayında dəyişdirilməsi nəzərdə tutulub, tingliklərə yerli növ ağaclar sifariş verilib. Yeni ağaclar əkilərkən üstünlük daha çox yerli xan çinarı və küknar ağaclarına verilir.

Onu da qeyd edək ki, yaşıllıq zolağı salınarkən 2015-ci ildə həmin ərazidə 1ha ərazini əhatə edən sahədə “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksi salınıb. Faşizm üzərində qələbənin 75 illliyi münasibətilə 2020-ci ilin may ayında Kompleksdə  əsaslı  yenidənqurma işləri aparılıb və ətraf ərazidə bir çox abadlıq işləri görülüb. 

Əlavə olaraq bildiririk ki, həmin ərazidə son tikinti işləri 2015-ci ilə qədər aparılıb. Hazırda həmin yaşıllıq sahələrində heç bir tikinti işləri aparılmır və gələcəkdə də aparılması nəzərdə tutulmayıb”.