Bu gün Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 69-cu ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Böyük Vətən müharibəsi veteranları, Milli Məclisin deputatları, MDB ölkələrinin ölkəmizdəki səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbçilər, gənclər, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan rəhbərliyinin bu müharibədə həlak olanların xatirəsinə ehtiramla yanaşdığını vurğulayan A.Fərzəliyev “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksinin Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını qeyd edib. Bildirib ki, sahəsi 11 min 220 kvadratmetr olan ərazidə müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş 1462 qəhrəman döyüşçü dəfn olunub. Dəfn olunanlar arasında müxtəlif xalqların nümayəndələri var.
Tədbirdə müharibə veteranları çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib.
Böyük Vətən Müharibəsi veteranları adından çıxış edən Novruz Mahmudov müharibənin dəhşətlərindən danışmış, daha sonra ölkə rəhbərliyinin veteranlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.
Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuş və gül dəstələri düzüb.
Son xəbərlər
Son Xəbərlər