Nərimanovda gənclərlə görüş keçirilib

nerimanovda-genclerle-gorus-kecirilib
Oxunma sayı: 1286

Nərimanov rayonunda ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərlə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərlə görüş keçirilib.

Görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vuraraq öz doğmalarının yanına sağ-salamat qayıtması münasibətilə təbrik edib.

A.Fərzəliyev əsası Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirdiyini bildirib.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Qəşəm Mahmudov və Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov dövlətimizin ordudan tərxis olunmuş və hərbi xidmətə çağırılmış gənclərə diqqət və qayğısından söhbət açıblar.

Daha sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə, hərbi xidmətdə göstərdiyi bacarıq, nümunəvi intizam və davranışına, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə həyata keçirdiyinə və xidmət zamanı fərqləndiyinə görə ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərə hədiyyələr təqdim edilib.