Martın 30-da Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Mayıs Əmrahov, Bakı Humanitar Kollecin direktor müavini Rasim Rzaxanov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının fakultə sədri Gülbəniz Cəfərova, Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri İradə Omarova və 50 nəfər fəal gənc iştirak edib.
Konfransda ilk olaraq Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, günahsız soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İradə Mahmudova qeyd edib ki, konfransın məqsədi 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası, XX əsrin əvvəllərində erməni millətçiləri və terrorçu-quldur dəstələri, o cümlədən Daşnaksütyun partiyası tərəfindən bölgədə törədilmiş soyqırımı cinayətlərinin araşdırılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır.
İ.Mahmudova bildirib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər.
“Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər”.
Sonda 31 mart – Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş videoçarx nümayiş etdirilib.


Son xəbərlər
Son Xəbərlər