Nərimanovda Zərifə Əliyevanın xatirəsi anılıb

nerimanovda-zerife-eliyevanin-xatiresi-anilib
Oxunma sayı: 1605

Bu gün oftalmoloq alim, akademik Zərifə Əliyevanın 95 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda yerləşən Zərifə Əliyeva adına uşaq bağçasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə anım tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar akademik ZərifəƏliyevanın adını daşıyan bağçanın foyesindəki büstü önünə tər gül dəstələri qoyaraq, onun xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə açan Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan oftalmoloq alimin mənalı ömür yolundan danışıb. 

Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd edib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə Əliyevanı öz sıralarında görüb, onu bu elmin ön cərgəsində qəbul ediblər.

Tədbirdə çıxış edən YAP Nərimanov təşkilatının sədri Təmraz Tağıyev el-obasının sevimlisinə çevrilərək bütövlükdə cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla, rəğbətlə anılacağını diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində Zərifə Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.