Nəsimi məktəbliləri də rayonlara səfər edirlər - Foto

nesimi-mekteblileri-de-rayonlara-sefer-edirler
Oxunma sayı: 691

13-16 noyabr tarixlərində “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikanın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, bu tur aksiyada Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına səfər edirlər.

“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur –aksiyada iştirak edən Nəsimi rayon məktəbliləri ilə İcra Hakimiyyətində məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat verib.

O, bildirib ki, tur aksiya zamanı məktəblilərin Gəncə şəhərində Qədim Qala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi adına mərkəzə, Cavad xan Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına, Amfiteatra, Gəncə Dövlət Filarmoniyasına , Gəncə bulvarına, Gəncə avtomobil zavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkir rayonunda Abidələr parkına, İstiqlal parkına, “Nəfis”çörək zavoduna, Şəmkir Aqroparkına ekskursiyaları təşkil olunacaq. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, tarix diyarşünaslıq muzeylərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaq.

“Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird seçilib. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunub, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilib. Şagirdlər xüsusi geyimlər və tələb olunan ləvazimatlar ilə təmin olunub.

Tədbirdə turda iştirak edən məktəblilər “Nəsimi ili” ilə bağlı dahi şairin qəzəllərindən ibarət hazırlanmış kompozisiya və “Ölkəmizi tanıyaq” mahnısını qonaqlara təqdim ediblər. Tədbirin sonunda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin təqdim etdiyi konsert proqramı tədbir iştirakçılarında, valideynlərdə və məktəblilərdə xoş ovqat yaradıb. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

***

Daha sonra “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən Nəsimi rayon məktəblilərinin Gəncə-Şəmkir - Göygöl rayonlarına səfərləri ilə əlaqədar yola salınma mərasimi keçirilib. Yola düşməzdən əvvəl Nəsimi rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül düzüblər. Sonra məktəblilər xatirə şəkilləri çəkdirib və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınıblar.