Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən vətənpərvərlik və xüsusilə hərbi vətənpərvərlik sahəsində keçirilən tədbirlərə xüsusi önəm verilir. Hər zaman hərbi hissələrlə sıx əlaqəli şəkildə əməkdaşlıq edərək ənənəvi olaraq tədbirlər təşkil edilib keçirilir. Bayram günlərində, xüsusilə Bayraq günü və Novruz bayramı günlərindədə Nəsimi rayon İcra Hakimiyyəti bu bayramları cəbhə bölgəsində əsgərlərlə birlikdə qeyd edirlər.
"Qafqazinfo" xəbər verir ki, bu tədbirlərin davamı olaraq 26 İyun –Silahlı Qüvvələr günü münasibətilə Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanıb, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəliblər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıblar.
Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.
Son dövrdə bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.
Qonaqlar Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələrini, rayonun orta məktəblərinin şagirdlərinin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı qüvvələr günü tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. Bayram tədbirində ilk dəfə səslənən “Azərbaycan əsgəri” mahnısının sədaları altında hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazıldı. Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmışdırlar. Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.


Son xəbərlər
Son Xəbərlər