“Romance Palace”da Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, gənclər tədbirinə rayonun elm, mədəniyyət, təhsil, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunub.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq qeyd edib ki, Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyib: “Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir”.
Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışıb, gəncləri bayram münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclərə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunub.
Bayram tədbirində gənclər “2 fevral- Gənclər günü” münasibətilə hazırlanmış tortu kəsib, daha sonra Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin istedadlı tələbələrinin, 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin və incəsənət ustalarının iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər