Nəsimi rayonunda 8 Mart münasibətilə onlayn tədbir keçirildi - Fotolar

nesimi-rayonunda-8-mart-munasibetile-onlayn-tedbir-kecirildi
Oxunma sayı: 1167

8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən onlayn bayram tədbiri təşkil edilib.

"Qafqazinfo" xəbər verir ki,rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm  təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan  qadınların  iştirakı ilə keçirilən bayram tədbirini Nəsimi RİH başçısı Asif Əsgərov  açaraq, iştirakçıları bayram münasibətilə təbrik edib, 8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi barədə məlumat verib.

A.Əsgərov qeyd edib ki, ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirib, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşıb.

"Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.

Böyük Vətən Müharibəsi illərində qadınlarımız kişilərlə bərabər böyük qəhrəmanlıq və fədakarlıq göstərərək, qələbənin əldə olunmasında böyük əmək, qüvvə və bacarıq sərf ediblər. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr edirik.

Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb", - deyə icra başçısı bildirib. 

O qeyd edib ki, Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulub.

Tədbirdə 54 saylı tam orta məktəbin direktoru Sahibə Abbasova və Azərbaycan Dillər Univesitetinin 4-cü kurs tələbəsi Şəmilova Dünya  da çıxış ediblər.

Daha sonra tədbirdə iştirak edən qadınlar rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə hədiyyələrlə mükafatlandırılıblar.