Nəsimi rayonunda Gənclər günü ilə əlaqədar video-görüş keçirilib. Videogörüşdə rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, rayonun idarə, təşkilat və müəssisələrində çalışan gənclər, ali məktəb tələbələri, Nəsim Könüllüləri və Vətən müharibəsi iştirakçıları, yaralıları iştirak ediblər.
Video-görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov görüş iştirakçılarını salamlayaraq qeyd edib ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir. Nəsimi rayonunda keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb.
Asif Əsgərov bildirib ki, hər zaman gənclərə dəstək olan Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın mədəniyyətinin, tarixinin və ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu var. Bu gün müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Onun rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı.
Qismən səfərbərlik elan olunduqdan sonra Nəsimi rayonundan da 780 nəfər əsgər və zabitlərimiz könüllü olaraq cəbhə bölgələrinə getmiş və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşüblər. Torpaqlarımızın azad olunması nəticəsində 21 nəfər şəhidimiz, 77 nəfər yaralı hərbiçimiz olub. Əsgər ailələri rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlara müvafiq yardımlar göstərilir.
Çıxış edənlər- Nəsimi rayon gəncləri Elşən Hüseynli, Zenfira Əliyeva, Fidan Seyfullayeva, yaralı hərbçilərdən Orxan Mustafayev dövlət tərəfindən onlara diqqət və qayğının göstərilməsini, Vətən müharibəsində gənclərin həm ön cəbhədə, həm də arxa cəbhədə fəal iştiraklarını xüsusi vurğulayıblar. Yaralılardan Mehman İbrahimovun qaldırdığı problemin həll olunması istiqamətində müvafiq cavab verilib. Görüşün sonunda gənclər göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığlarını bildiriblər.




Son xəbərlər
Son Xəbərlər