Nəsimi rayonunda karantinlə bağlı tədbirlər davam etdirilir - Foto

nesimi-rayonunda-karantinle-bagli-tedbirler-davam-etdirilir
Oxunma sayı: 693

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Nəsimi rayonu ərazisində genişmiqyaslı qabaqlayıcı tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülür. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir.

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq keçirilən tədbirlər çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin könüllüləri və Nəsimi Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup üzvləri tərəfindən rayonun əhalinin sıx toplaşdığı ərazilərində vətəndaşlara pulsuz tibbi maskaların paylanılması davam etdirilir.

Həmçinin avtobus dayanacaqlarına, ictimai nəqliyyat vasitələrinə, parklardakı oturacaq və söhbətgahlara, ticarət və xidmət obyektlərinin girişlərinə maarifləndirici vərəqələr vurulub, vətəndaşlara maarifləndirici bukletlər paylanılıb.