Nəsimi rayonunda may ayında 4 səyyar qəbul keçirilib - Foto

nesimi-rayonunda-may-ayinda-4-seyyar-qebul-kecirilib
Oxunma sayı: 794

Yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.

“Qafqazinfo” xəbər verir ki, rayonda 2019-cu ilin may ayı ərzində 4 səyyar qəbul keçirilib, 650-dən artıq sakinin iştirak etdiyi qəbullarda 34 müraciət dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olub.

Görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin tərəqqisi, xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, bildirib ki, İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir.