Nəsimi rayonunda peşə bayramı qeyd olunub

nesimi-rayonunda-pese-bayrami-qeyd-olunub
Oxunma sayı: 939

23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyev və görkəmli oftamoloq alim, akademik Zəfirə Əliyevanın xatirəsini ehtiramla yad ediblər.

Tədbiri icra başçısı Asif Əsgərov açaraq dövlət qulluqçularını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılıb.

Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olub.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə İcra Hakimiyyətinin məsul əməkdaşları Asif Əsgərov tərəfindən Fəxri Fərmanla təltif olunublar.