8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan, şəhid ailələrini təmsil edən qadınların iştirakı ilə keçirilən bayram tədbirini Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq iştirakçıları bayram münasibəti ilə təbrik edib.
O, 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verib. Əlavə edib ki, müasir dövrdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır: “Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb”.
Qeyd edilib ki, Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulub.
Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə Millət vəkili Məlahət İbrahimqızı, Qarabağ şəhidinin həyat yoldaşı Maral Alıyeva, Qarabağ veteranı Rüxsarə Cümayeva və Bakı Slavyan Universitetinin prorektoru Xanım Sultanova çıxış ediblər.
Daha sonra tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub. Tədbir Musiqi Kollecinin tələbələrinin və Asəf Zeynallı adına musiqi kolleci Tələbə Gənclər Təşkilatı Ansamblının konsert proqramı ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər