Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib - Foto

nesimi-rayonunda-xocali-sakinleri-ile-gorus-kecirilib
Oxunma sayı: 664

Xocalı faciəsinin ildönümü Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. 

“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunur.

Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Hərbi Prokurorluğun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyaları, “Ana harayı” abidəsinə ziyarəti təşkil edilir.

Faciənin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış bir qrup Xocalı nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib: “Bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanıb”.

Tədbirdə şəhid ailələri – Ofeliya Məmmədova, Şahnaz Behbudova, Zeynəb Bəhmənli çıxış ediblər. 

Tədbirin sonunda Asif Əsgərov Xocalı sakinlərini qəbul edib, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar verib. Sonra Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən yardımlar göstərilib.