Nəsimidə Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi - Fotolar

nesimide-heyder-eliyevin-anim-gunune-hesr-olunmus-tedbir-kecirildi
Oxunma sayı: 1021

Nəsimi Rayon İcra Hakimiyyətinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli,rayondan seçilmiş millət vəkilləri, Nəsimi rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak edib.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də, mədəniyyət işçilərinə həmişə diqqət və qayğı göstərib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün bir tapıntıdır. Çünki Heydər Əliyev yalnız millətinin gələcəyini düşünüb, demək olar ki, öz canını fəda edib. İkinci dəfə Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman xalqı üçün etdiklərini xatırladıqda da görürük ki, o, hakimiyyətə gəlməsəydi, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi yarana bilərdi”.

Asif Əsgərov Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib.

Tədbir daha sonra Bakı Musiqi Akademiyasının tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib. Konsert proqramında ifa olunan Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və musiqi kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.