Nəsimidə növbəti abad həyət sakinlərin istifadəsinə verildi - Fotolar

Nəsimidə növbəti abad həyət sakinlərin istifadəsinə verildi
Oxunma sayı: 1142

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində həyətyani sahəsi 1 ha olan, 1000 nəfərə yaxın sakinin yaşadığı H.Seyidzadə küçəsi 13, 17 və 20 Yanvar küçəsi 19a saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq H.Seyidzadə küçəsi 13 saylı binanın fasadı, dam örtüyü əsaslı təmir edilib, 4 ədəd giriş qapısı, pilləkən qəfəslərinin 16 ədəd pəncərəsi, yağış suları axıdan borular və navalçalar dəyişdirilib.

Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 2500 kv.m-dən artıq asfalt örtüyü, 1000 kv.m-ə yaxın qazon, 350 kv.m-dən artıq tamet daşı vurulub, 350 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün 2 ədəd yeni zibil qutusu qoyulub, 100 kv.m. istinad divarı aqlay daşla üzlənib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə 50 ədəd müxtəlif növ həmişəyaşıl ağac, 200 ədəd dekorativ çiçəklər əkilib və yaşıllıqların suvarılması üçün su xətti çəkilib.

Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.