Nəsimidə Qurban bayramı ərəfəsində şəhid ailələri ilə görüş keçirildi - Fotolar

nesimide-qurban-bayrami-erefesinde-sehid-aileleri-ile-gorus-kecirildi
Oxunma sayı: 1967

Nəsimi rayonunda yerləşən “Zabitlər bağı”nda Qurban bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilib. "Qafqazinfo" xəbər verir ki, görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Vətən Müharibəsi Şəhid ailələri, müharibə əlilləri və rayon ictimaiyyəti iştirak edib.

Görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Qurban bayramı münasibəti ilə görüş iştirakçılarını salamlayaraq bildirib ki, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident İlham Əliyevin uğurla davam etdirilir: "Ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələri daha da möhkəmlənir, bir çox məscid və dini ibadət yerləri əsaslı təmir olunur. Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Birinci vitse-prezidenti Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyəti qeyd edilməlidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu və şəhid olan övladların ruhları şaddır.

Hər zaman xalqımıza qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edirik, eyni zamanda Vətən uğrunda övladlarını itirən valideynlərin, ailələrinin kədərlərini də bölüşürük".

Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edildi.
Eyni zamanda Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müqəddəs Qurban bayramı ərəfəsində sosial aksiya da keçirildi.

Aksiya zamanı rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatının üzvlərinə, Vətən müharibəsi əlillərinə, 20 Yanvar və Çernobl əlillərinə, rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinə, bütövlükdə 2000-dən artıq ailəyə qurban payları və maddi yardımlar təqdim olundu.