Nəsimidə şəhid ailəsinin yaşadığı mənzil təmir olunur - Fotolar

nesimide-sehid-ailesinin-yasadigi-menzil-temir-olunur
Oxunma sayı: 1525

Nəsimi rayonunda şəhid mayor Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvlərinin yaşadıqları 20 Yanvar küçəsi 9 saylı binanın həyətində abadlıq-quruculuq , eyni zamanda şəhid ailəsinin yaşadığı mənzil 45-də əsaslı təmir işlərinə başlanılıb.

Nəsimi Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırlanmış layihəyə uyğun olaraq binanın fasadında əsaslı təmir işlərinin aparılması, yağış sularını axıdan borular və navalçaların, blokların qapı və pəncərələrinin yenisi ilə əvəz olunması, binanın həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahların, oturacaqların, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulub. Binanın həyətində yeni asfalt örtüyünün vurulması, tamet daşlarının döşənməsi və yeni bardürlərin qoyulması həyata keçiriləcək. Eyni zamanda təmir başa çatdırıldıqdan sora binanın giriş hissəsinə şəhidin barelyefi vurulacaq.

Həyata keçirilən abadlıq işləri ilə yanaşı şəhid ailəsinin yaşadığı, ciddi təmirə ehtiyacı olan 2 otaqlı 45 saylı mənzilin əsaslı təmirinə başlanılıb. Rayon İcra Hakimiyyəti başçısı və RİH-nin məsul işçiləri qeyd olunan ünvanda olaraq şəhid ailəsinin üzvləri ilə görüşüb, onların qaldırdıqları məsələlərin operativ və keyfiyyətlə həlli ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bir müddət öncə şəhid mayor Toğrul Bərxudarovun həyat yoldaşı Zəhra Bərxudarova “Qafqazinfo”ya müraciət edərək evlərinin yaşanılacaq vəziyyətdə olmadığını, aylardır iki övladı ilə kirayədə qaldıqlarını və xərcləri çatdıra bilmədiyini bildirmişdi.