Nəsimidə yeni təhsil ilinə hazırlıq müzakirə olunub

Nəsimidə yeni təhsil ilinə hazırlıq müzakirə olunub
Oxunma sayı: 349

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2018/2019-cu tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə edilib. 

“Qafqazinfo” xəbər verir ki, toplantıda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə adını qazanan bütün məzunları təbrik edib.

Asif Əsgərov daha sonra bildirib ki, bu gün elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur.

Toplantıda Qızıl medala layiq görülmüş 240 saylı tam orta məktəbin məzunu, Həsən Həsənov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılıb.

Tədbirdə Milli Məclisin deputatı, Nəsimi rayon YAP-nın sədri Məlahət İbrahim qızı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəisi Rəşad Tağıyev, 5 nömrəli məktəbin direktoru Nərminə Gündüzlü çıxış edərək bildiriblər ki, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən olan 500 nəfər şagirdə məktəbli forması təqdim edilib.

Qeyd edək ki, Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olmuşdur. Rayonda 8 ali, 26 tam orta, 2 xüsusi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

2018/2019-cu tədris ilində rayonun orta məktəblərini 1574 nəfər şagird bitirib, onlardan 1233 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 156 nəfəri 500-dən, 57 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 327 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub.

2018/2019-cu təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala layiq görülüb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi