“Nəticədən narazı olanların hamısı QHT nümayəndəsi deyil”

neticeden-narazi-olanlarin-hamisi-qht-numayendesi-deyil
Oxunma sayı: 3788

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsinin nəticələrini elan etdi.

Əlbəttə, qalib olduğu kimi, qalib gələ bilməyənlər də oldu. Lakin diqqətçəkən əsas məqam nəticələrin elan edilməsinin ardınca bir sıra şəxsin agentliyi hədəf götürməsidir.

Əslində, bu gün səslərini yüksəldən, nəticədən narazı olan şəxslərin kimliyi bəllidir. Bu şəxslərin heç də hamısı QHT nümayəndəsi deyil. Yəni QHT-si olsa da, əvvəlki dövrün xiffətini çəkən, heç nə etməyib külli miqdarda vəsait alan mafioz şəbəkələrin fəal üzvləridirlər.

Mahiyyət etibarilə bu gün agentliyi tənqid edən şəxslərin əksəriyyəti illərdir bu sektorda olan, sözün əsl mənasında QHT sektorunu işğal edən şəxslərdir. Bu şəxslərin bu gün özlərini əsl mafioz kimi aparadığının şahidi olursan. 

Agentiliyi tənqid edən bir qrup da var ki, bunlar sözün əsil mənasında əndazədən çıxıb. Məsələ ondadır ki, bu şəxslər qrant alıb aldıqları məbləğ ilə ciblərini doldurduqda agentliyi tərifləyən, bu gün isə qalib ola-ola aldıqları məbləği az bilib tənqid edən şəxslərdir. Özü də bunu sanki QHT sektorunun gələcəyindən narahat olduqları təəssüratı yaradaraq edirlər. Əslində, isə onları narahat edən tək şey qurduqları planların alt-üst olmasıdır. Yüksək məbləğdə qrant alıb təmtəraqlı həyat planları quran bu şəxslərin bu gün sadəcə planları alt-üst olub.

Azərbaycanda QHT sektoru ən çox da dəstək alan sektorlardadır. Lakin bununla belə görünür, bu sektorda islahatlara ciddi ehtiyac var. Prinsip etibarilə islahatlar aparılsa da, görünən odur ki, hələlik istənilən nəticəyə çatmayıb. Çünki həyata keçirilən islahatların əsas məntiqi o idi ki, QHT sektorunda mafiozlaşma, şantaj və reket, şəbəkələşmə, dövlət əleyhinə xarici dairələrlə işbirliyinə son qoyulsun. Bu sahə şəffaflaşsın, dövlət maraqları, cəmiyyəti düşündürən məsələlər prioritet təşkil etsin.

Lakin nəticədə nəyin şahidi oluruq? Heç bir iş görməsə də, müftə pul tələb edən bir qrup qaragüruh agentliyi tənqid edir. Belə insanlar necə ki, bu gün agentliyi tənqid edir, mahiyyət etibarilə sabah da dövlət maraqlarını başqa ölkələrə sata bilər. Gördükləri iş həqiqətən vətənə, millətə faydalı olsaydı, nəticələrdən bu qədər aqressiv şəkildə narazı olmazdılar.

Bu baxımdan hesab edirəm QHT sektorunda daha köklü, dərin islahatlara ehtiyac var. Müqayisə üçün deyim ki, bənzər hal bir neçə il öncəyə qədər media sahəsində yaşanırdı. Hətta vəziyyət təhlükəli həddə çatmışdı. Həyata keçirilən islahatlar çərçivəsində görülən tədbirlər nəticəsində köklü problemlər aradan qaldırıldı. Düzdür, bəzi problemlər bu gün də qalmaqdadır. Lakin ötən illərə baxanda böyük işlər görülüb.

Hesab edirəm indi növbə QHT sektorundadır. Media sektorunda görülən işlər, aparılan islahatların bənzəri sistemli şəkildə QHT sektorunda da aparılmalıdır. Yalnız bu yolla mafiyaçılığa, müftəxorluğa, şəbəkələşməyə son qoyula bilər.

Politoloq Turan Rzayev