Nəticələr dünyanı təəccübləndirib

Nəticələr dünyanı təəccübləndirib
Oxunma sayı: 232

"Düşünürəm ki, Gürcüstanla Azərbaycan arasında olan münasibətlər dost, tərəfdaş münasibətləridir və bundan sonra da bu iki ölkə və xalq arasında olan dostluq, qardaşlıq, qonşuluq münasibətləri əvvəlki məcrada, məzmunda davam edəcək", - bunu Trend-ə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.

Məmmədovun sözlərinə görə, Prezident Mixeil Saakaşvilinin partiyasının özünü Gürcüstan ictimaiyyətinə qəbul etdirə bilməməsi müəyyən mənada tək onun üçün deyil, hər kəs üçün təəccüblü oldu.

"Hətta indiki müxalifətin özünün də təəccübünə səbəb olan qələbənin qazanılması müxalifətin özünü də, beynəlxalq ictimaiyyəti də müəyyən mənada təəccübləndirdi. Müxtəlif bəyanatlar verilir, müxtəlif addımların atılması haqqında fikirlər səslənilir. Bir qədər gözləmək lazımdır ki, Mərkəzi Seçki Komissiyasının mövqeyi konkret bildirilsin. Ondan sonra fikir söyləyə bilərik", - PA rəsmisi əlavə edib.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) 3776 seçki məntəqəsinin 3590-dan (97,03 faiz) əldə edilən məlumatları hesablayıb. İlkin məlumata əsasən, Bidzina İvanişvilinin lideri olduğu müxalif "Gürcü arzusu" koalisiyası 54,8 faizlə (1 154 553 səs) liderliyini davam etdirir. İkinci yerdə 40,4 faizlə (845 169 səs) hakim Vahid Milli Hərəkat Partiyası qərarlaşıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi