“Nəyisə sürpriz kimi saxlamaq doğru addım idi”

neyise-surpriz-kimi-saxlamaq-dogru-addim-idi
Oxunma sayı: 2211

“Tamamilə əminəm ki, biz beynəlxalq birliyin bir çox üzvlərinə məlum olmayan bacarığımızı nümayiş etdirdik. Əslində, bütün bu illər ərzində biz sakit bir mühitdə hazırlığımızı görürdük. Biz nəyisə gizlətmirdik, xeyr. Bizim etdiyimiz hər bir şey açıq şəkildə edilmişdir. Lakin biz özümüzü təşviq etməyə, təqdimatlar keçirməyə, PR aparmağa cəhd göstərmirdik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.

Dövlət başçısı çıxışına belə davam edib:

“Biz ölkə üçün, xalqımız üçün doğru olanı edirdik və bir çox sosial məsələləri həll edirdik, qaçqınları yenidən məskunlaşdırırdıq. Birinci Qarabağ müharibəsində qətlə yetirilənlərin ailələri üçün yaxşı şəraiti təmin edirdik, iqtisadiyyatı gücləndirirdik, həyata keçirilməsi asan olmayan nəhəng transmilli enerji layihələrini icra edirdik. Beləliklə, biz ölkəni gücləndirmək və onu həqiqətən müstəqil etmək üçün hər bir şeyi edirdik. Ona görə mən bu vəzifəyə gələndə iqtisadi müstəqillik gündəliyimdə duran bir nömrəli hədəf idi. Çox qısa müddət ərzində biz Beynəlxalq Valyuta Fonduna olan bütün borclarımızı geri ödədik. Bundan sonra isə bizim mühüm islahatları həyata keçirmək üçün çoxlu imkanlarımız oldu. Biz müstəqil iqtisadiyyat qura bildik.

Artıq dediyim kimi, biz hər hansı bir xarici yardımdan, kreditdən asılı deyilik. Bu da siyasi müstəqilliyə, kimin nə dediyindən və necə reaksiya göstərməsindən asılı olmayaraq, ölkələrlə münasibət qurmaq bacarığımıza gətirib çıxardı. Bilirik, bizim bəzi ölkələrlə təmaslarımız bəzi böyük güclərin xoşuna gəlmir. Lakin bu, bizim problemimiz deyil. Biz Azərbaycanın, ölkəmizin marağında olanları, onun necə gücləndirilməsi ilə bağlı olanları, xalqımızın marağına uyğun olanları və bu vəziyyətdə daha çox təhlükəsizliyin necə təmin olunması ilə bağlı olanları edirik.

Müharibədə göstərilənlər bizim hərbi bacarığımız da daxil olmaqla beynəlxalq ekspertlərə məlum idi. Çünki biz olanlarımızı paradlarda bir neçə dəfə nümayiş etdirmişdik. Ola bilsin, biz özümüzdə olan hər bir şeyi nümayiş etdirmirdik, lakin hesab edirəm, müharibə onu göstərdi ki, nəyisə sürpriz kimi saxlamaq doğru addım idi. Biz açıq şəkildə qüdrətli ordu qururuq. Dövlət büdcəmizin ən böyük hissəsi hərbi quruculuğa sərf edilib. Mən Ermənistanın bunu sülh yolu ilə etmədiyi təqdirdə, ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyimizi gizlətmirdim.

Beləliklə, müharibə sanki bizim bacarığımızın konsentrasiya olunmuş şəkildə həyata keçirilməsi idi. Biz heç vaxt özümüzü həddindən artıq qiymətləndirməmişik. Biz heç vaxt Azərbaycanın aparıcı ölkələrin gündəliyində bir nömrəli və ya onuncu məsələ olduğunu düşünməmişdik, xeyr onların başqa məsələləri var. Biz bunu normal qəbul edirik. Çünki nəhəng güclər bizi nə qədər az xatırlasa və ya haqqımızda az düşünsə, bu, bizim üçün bir o qədər də yaxşıdır. İndi nə baş verəcək və nə baş verir məsələsinə, qonşu ölkələrə gəldikdə münasibətlər çox uğurla inkişaf edir. Müharibə bir daha nümayiş etdirdi ki, - mən bunun təfərrüatlarına dərindən varmaq istəmirəm, - bizi qonşularımızın davranışı və ya hərəkətləri, əsasən, qane edir”.