NİDA-çıların məhkəməsində MTN əməkdaşı ifadə verdi

nida-cilarin-mehkemesinde-mtn-emekdasi-ifade-verdi
Oxunma sayı: 1091


“Media forum” saytına danışan vəkil Nemət Kərimli deyib ki, prosesdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Qasım Tağıyev şahid ifadəsi verib: “Qasım Tağıyev “Nida”çı Şahin Novruzlu tutulan vaxt onun yaşadığı evdə axtarış aparıb. Qasım Tağıyev bir çox suala “bilmirəm”, “xatırlamıram” kimi cavablar verdi. O, Şahinin evində kiminlə axtarış apardığını, orda video çəkiliş aparan şəxsin kim olduğunu xatırlamadığını dedi”.

Proses yanvarın 31-də davam etdiriləcək.

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qanunsuz olaraq partlayıcı maddə əldə etmə, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırır. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib.

“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi də “Nida”çıların işi ilə birləşdirilib. İlkin Rüstəmzadə 2013-cü il mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb, sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.