NİDA-dan çıxan Bəxtiyar vəkilindən də imtina edib

nida-dan-cixan-bextiyar-vekilinden-de-imtina-edib
Oxunma sayı: 815


"Qafqazinfo" Bəxtiyar Quliyevin vəkili Fariz Namazlının musavat.com-a müsahibəsini təqdim edir:

- Fariz bəy, sonuncu dəfə Bəxtiyar Quliyevin yanında nə zaman olmusuz? 

- Hökm çıxandan bir neçə gün sonra görüşmüşdüm onunla. Amma dünən getdim, mənimlə görüşə gəlmədi. 

- Sizə nə dedilər?

- Təcridxana rəisinə ərizə yazaraq vəkillərindən imtina edib və onlarla görüşmək istəmədiyini bildirib. Həmçinin onun qaldığı korpusun “starşina”sına da deyib ki, vəkillər məni çağırsa, getməyəcəm. 

- İndi vəkili varmı?

- Məncə, yox. Çünki biz istintaq otağında olanda nəzarətçilər “starşina”ya zəng edib deyirlər ki, filankəsi vəkilə hazırla. Yəni vəkil adı çəkmirlər. Əgər Bəxtiyarın vəkili olsaydı, “starşina” dəqiqləşdirərdi ki, hansı vəkil? 

- Fariz bəy, hüquqi baxımdan Bəxtiyarın bu hərəkətini necə dəyərləndirmək olar? Yəni sizin razılığınız olmadan müqavilənin şərtlərini pozması mümkündür?

- Hüquq pozuntusu deyil. Təqsirləndirilən şəxs istənilən vaxt müdafiəçidən imtina edə bilər. Amma imtina məhkəməyə bildirilməlidir. Təcridxana rəisinin bu kimi məsələləri həll etmək səlahiyyəti yoxdur. 

- Bəs Bəxtiyar Quliyev məhkəməyə çıxarılmaya bilərmi? Belə bir hal mümkündür? 

- Ona qalsa, təcridxanada saxlanılan hansısa şəxs rəisə ərizə yaza bilər ki, mən filankəsi vəkil istəyirəm, onu mənim yanıma buraxın. Təbii ki, rəis belə şey edə bilməz. Prosedur qaydaları var. Bəxtiyarın adından onun müdafiəçiləri apelyasiya şikayəti verib. Bəxtiyar müdafiəçilərinin verdiyi apelyasiya şikayətindən imtina edə bilər. Bu halda o, işə baxan apelyasiya məhkəməsinə ərizə ilə müraciət etməlidir ki, mən müdafiəçilərimin verdiyi apelyasiya şikayətindən mənimlə bağlı hissədə imtina edirəm, çıxarılan hökmlə razıyam. Eyni zamanda məhkəmə iclasında iştirak etmək istəməməsini də bildirə bilər. Amma işə baxan apelyasiya məhkəməsi onun iştirakını zəruri hesab edərsə, onun gətirilməsinə qərar verə bilər. 

- Bu, hansı halda mümkündür? 

- Bu, o halda ola bilər ki, apelyasiya məhkəməsində işə məhkəmə istintaqı keçirilməklə baxılsın, təqsirləndirilən şəxslərin dindirilməsinə ehtiyac yaransın. Amma Bəxtiyar hətta məhkəməyə gətirilsə, ifadə verməyə də bilər, çünki susmaq onun hüququdur. 

- Prezidentə yazdığı ərizədə yoldaşları barədə dediklərinin hüquqi çəkisi barədə nə demək olar? 

- Baxmayaraq ki, prezidentə ərizəsində hansısa əməllərdən peşman olduğunu yazıb, bu ifadələr hazırkı işdə digər təqsirləndirilən şəxslərə qarşı istifadə oluna bilməz. Çünki o, prezidentə ünvanlanıb. Əgər Bəxtiyar analoji məktubu məhkəməyə də ünvanlasa, o zaman onun məhkəmədə iştirakını biz tələb edəcəyik.

- Məlumatınız varmı bu ərizəni hansı şərtlər altında yazıb? Valideynləri ilə bu barədə danışmısızmı?

- Yox, valideynləri ilə danışmamışam. Təcridxanada kiməsə təzyiq edildiyini güman etmirəm. Bəxtiyar özü könüllü olaraq bu ərizəni yazıb. Təbii ki, yazılan fikirlər ona məxsus deyil, ona diktə olunub. Amma istənilən halda Bəxtiyar könüllü olaraq ərizəyə imza atıb. Onu da qeyd edim ki, Rəşadəti (Axundov) demək olar ki, hər gün təcridxana rəhbərliyi çağırır, ona bu cür ərizə yazmaq təklif olunur. Amma o, birmənalı olaraq bundan imtina edir, eynilə digər uşaqlar da imtina ediblər. 

- Niyə bu qədər israr edirlər? 

- Məqsəd iradələrini sındırmaq, gəncliyin gözünü qorxutmaqdır. Göstərmək istəyirlər ki, sizin əqidə yoldaşlarınız sizi tez bir zamanda sata bilər.