“Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib ki, prosesdə bəzi vəsatətlər verilib: “Gənclərin həbs qətimkan tədbirinin dəyişdirilməsi, apellyasiya şikayətinə baxışın qismən istintaqla aparılması barədə vəsatətlər verdik. Vəsatətlərimiz təmin olunmadı”.
Vəkilin sözlərinə görə, “Nida” üzvlüyündən imtina edən Bəxtiyar Quliyevin məhkəməyə müraciəti oxunub: “Bəxtiyar ərizə ilə məhkəməyə müraciət edərək özü barədə olan apellyasiya şikayətlərindən imtina etdiyini bildirib. O, ərizəsinə özünün iştirakı olmadan baxılmasını xahiş edib. Məhkəmə onu istəyini təmin etdi”.
Əsabəli Mustafayev deyib ki, “Nida” üzvləri məhkəmədə iştirak ediblər: “Səhhətləri yaxşıdır, saxlanma şəraitlərindən şikayətləri yoxdur”.
Apellyasiya şikayətinə baxış iyulun 11-nə təyin edilib.
Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çılar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Mayın 6-da Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cəzası verilib.
Son xəbərlər
Son Xəbərlər