“Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida”çı gənclərə ağır həbs cəzasının verilməsi, Prezidentin Gürcüstan səfəri, ölkə daxilində Rusiya meylli qüvvələrin Azərbaycanın müstəqilliyi və suverenliyi əleyhinə bəyanat və təxribatları, ABŞ-in Kaliforniya ştatında qondarma “Dağlıq Qarabağ Respublikasının” tanınması ilə bağlı məsələnin ştat parlamentinin müzakirəsinə çıxarılması, Ukraynada gərginliyin artması ilə bağlı məsələlər müzakirə mövzusu olub.
Tədbir iştirakçıları Ağır Cinayətlər Məhkəməsində “Nida”çı gənclərə verilən ağır həbs cəzasına münasibət bildirərkən qeyd ediblər ki, Azərbaycanda müstəqil məhkəmələr yoxdur və gənclərə verilən ağır cəza siyasi sifarişlidir. Həbs olunan gənclərə qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib. Eyni zamanda istintaq və məhkəmə prosesi prosessual pozuntularla həyata keçirilib. Blok üzvləri hakimiyyəti və məhkəməni ədaləti bərpa etməyə, gənclər barəsində verilən ağır həbs cəzasını dəyişməyə, Azərbaycanın gələcəyi olan gəncləri həbsdən dərhal azadlığa buraxmağa çağırıblar.
Tədbir iştirakçıları Ukraynada vəziyyətin son vaxtlar daha da gərginləşdiyindən narahat olduqlarını bildiriblər.
Blok üzvləri Prezidentin Gürcüstan səfərini də müzakirə ediblər. Gürcüstan sammitində Türkiyə və iki Cənubi Qafqaz ölkəsinin görüşləri, verilən bəyanatlar təqdirəlayiq hesab edilib. Bildirilib ki, bu cür tədbirlərdə Ermənistanın da iştirakı arzu olunandır. Amma bir şərtlə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, işğal etdiyi əraziləri boşaltmalı və işğalçılıq siyasətindən əl çəkməlidir.
Son xəbərlər
Son Xəbərlər