"Qafqazinfo"ya daxil olan məlumata görə, bəyanatda deyilir ki, Avropanın bəzi dairələri tərəfindən zaman-zaman ölkəmizə qarşı səsləndirilən qərəzli və ikili standartlara söykənən böhtan dolu fikirlər Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar daha da intensivləşib: “Ölkəmizin dünyada artan nüfuzunu həzm edə bilməyən həmin dairələr qərəzli mövqedən çıxış edərək Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayır, bütün vasitələrlə ölkəni beynəlxalq ictimaiyyətin gözündən salmağa cəhd edirlər”.
Bəyanat müəllifləri hesab edir ki, bu təşkilatların fəaliyyəti, keçirdiyi aksiya və tədbirlər sırf müəyyən siyasi dairələrin maraqlarlarına xidmət edir və Azərbaycanla bağlı konkret sifarişləri yerinə yetirirlər. Təşkilat üzvləri belə qurumları beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmağın ozünü insan haqlarına hörmətsizlik kimi qiymətləndirir. Onlar hesab edir ki, insan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilatlar, əslində öz məkrli fəaliyyətləri ilə insan hüquqlarının təmin edilməsinə böyük zərbə vurur.
“Biz, Azərbaycan-Türk Kültür Dərnəyi olaraq sözügedən dairələrin qərəzli, böhtan dolu fikirlərini və məkrli kampaniyalarını qəti şəkildə pisləyir və bildiririk ki, həmin dairələrin ikili standartlara söykənən, qarayaxma xarakterli fəaliyyətini nə sadə Niderland vətəndaşları, nə də bu ölkədə yaşayan Azərbaycan, Türk diasporu dəstəkləyir” – təşkilatın qəbul etdiyi bəyanatda belə deyilir.
Bəyanatın sonunda Azərbaycan-Türk Kültür Dərnəyinin Bakı 2015 Birinci Avropa Oyunlarına dəstəyi və yarışın sonadək yüksək səviyyədə keçiriləcəyinə əminliyi ifadə olunur.
Son xəbərlər
Son Xəbərlər