Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən keçirilən ShamkirChess 2017 turnirinin qalibi Şəhriyar Məmmədyarov yarışın rəsmi saytına müsahibə verib. "Qafqazinfo" turnirin mətbuat xidmətinə istinadən yarışın qalibinin müsahibəsini təqdim edir:
- Ardıcıl ikinci dəfə qələbə qazanmağın münasibətilə təbrik edirik. Yarış ərəfəsində belə uğurlu çıxış edəcəyini gözləyirdin?
- Cari ildə ShamkirChess turnirində qalib gəlmək daha çətin oldu. Heyət baxımından bu il daha güclü şahmatçılar iştirak edirdi. Yadınızdadırsa ötən il Azərbaycan şahmatçıları çoxluq təşkil edirdi. Bu il isə onların yerinə yüksək reytinqli şahmatçılar dəvət olundu. Üstəlik Uesli Sonun iştirakı rəqabəti artırdı. ABŞ təmsilçisi inanılmaz oyun nümayiş etdirir. Şəmkirə qədər demək olar bütün yarışlarda qələbə qazanıb.
- Deməli sənin üçün So yarışın favoriti idi?
- Yarışda iki favorit görürdüm. Uesli So və Vladimir Kramnik. Maraqlıdır ki, hər iki favoritə qalib gəldim. Uğur qazanmağımda favoritlər üzərində qələbə həlledici oldu. Şəmkirdən əvvəl FİDE-nin Qran-Pri turnirində 1-3-cü yerləri bölüşdürmüşəm. Ona görə ümidlərim böyük idi.
- So və Kramniki məğlub etdin. Amma Polşa təmsilçisi Radoslav Voytaşekə məğlub oldun. Yorulmuşdun yoxsa rəqib yaxşı hazırlaşmışdı?
- Şahmatda çox debütlərə baxırıq. Yarış vaxtı onları təkrarlayırıq. Yəni şahmatçıda inam olur. Başa düşürük ki, bu gedişləri oynamaq olar. Mən də yazılanları təkrarlamışdım. Vəzir gedişindən sonra uduzmaq barədə orada yazılmamışdı. Partiyanın belə olacağını gözləmirdim. Mənim də günahım var. Amma mən bütün əvvəlki oynanılan partiyaları izləyə bilmərəm. Əvvəllər bu gedişi etmişəm. Voytaşekə məğlubiyyət çox acınacaqlı oldu. Şahmatda "ev tapşırığı"yla az hallarda qalib gəlmək olur.
- ShamkirChess2017 turnirinin Təşkilat Komitəsinin sədri Fərid Hüseynov maraqlı açıqlama verib. V turdan sonra verdiyi müsahibədə deyib ki, Şəhriyarı artıq şəmkirli hesab edir...
- (gülür) Mən ümumiyyətlə özümü artıq daha çox şəmkirli hesab edirəm. Bəziləri bunu bilmir. Yaxınlarda nişanlanmışam. Nişanlım şəmkirli xanımdır. Ona görə xanımım şəmkirli olduğu üçün özümü şəmkirli sayıram.
- Atanız Həmid bəy VIII turda Şəmkirə gəldi. Həmin turda da Voytaşekə uduzdun. Atanız yanınızda olanda narahatlıq yaranır yoxsa təsadüf oldu...
- Atam həmişə mənə dəstək olur. Həmişə qələbə gözləyir. Turnirdə bütün şahmatçılar məğlubiyyət acısı yaşadı. Əsas qələbə sayı daha vacibdir. Üç qələbəm oldu, bu böyük nəticədir. Atamın məğlubiyyətlə əlaqəsi yoxdur. Voytaşekin debüt seçimindən sonra istənilən şahmatçı məğlub ola bilərdi. Mən həmin oyuna yaxşı hazırlaşmamışdım. Uduzmaqda günahkar özüməm.
- Həmid bəy deyir ki, həmişə Şəhriyara öz bağımızdan alma gətirirəm. Bu almaların dadı tamam başqadır. O almalar Şəhriyara güc verir. Şəmkirə alma gətirmişdi?
- Bu dəfə alma gətirməmişdi. Amma düz sözdü. Bağımızdakı almalar çox dadlıdır. Atam ağaclara çox yaxşı qulluq edir. O almaların dadı tamam başqadır. Atamın çəkdiyi əziyyəti bilirəm. Ona görə o almaları daha həvəslə yeyirəm. Çox dadlı olur.
- Qələbəni kimə həsr edirsən?.
- 2016-cı ildə qələbəni Vüqar Həşimovun xatirəsinə həsr etmişdim. Bu dəfə qələbəni şəmkirlilərə həsr etmək istəyərdim. 10 gün ərzində onların dəstəyini hiss etdim. Həqiqətən bu il mənə düşərli oldu. Şəmkirli xanımla nişanlandım. Ona görə qələbəni şəmkirlilərə həsr edirəm.
- Şəmkirdə qalib gələndən sonra təbrik üçün ilk zəng vuran kim oldu?
- İlk təbrik qayınatamdan gəldi.
- Üç oyunda qara fiqurlarla qalib gəldin. Sənə "Mister Black" deyə bilərik?
- (gülür) Əminəm ki, Voytaşekə uduzandan sonra artıq elə demək olmaz.