Bakı Ağır Cinayətlər Məhkəməsində nişanlısını öldürməkdə təqsirləndirilən Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən N. Məcidov psixi xəstəliyi olduğunu deyib: "Bəzən anlaqsız oluram, müalicə olunmalıyam".
Mərhum İlahə Ağayevanın hüquqi varisi, anası Türkiyədə olduğu üçün prosesə qatılmayıb. Buna görə də hazırlıq iclası iyulun 6-da davam etdiriləcək.
Qeyd edək ki, bu il martın 4-də Binə qəsəbəsində 31 yaşlı Nəcəf Məcidov 26 yaşlı nişanlısı İlahə Ağayevanın boğazını kəsərək qətlə yetirib, bacısı Rəhiməyə isə bir neçə bıçaq zərbəsi vurub. Qətlin səbəbi isə əvvəllər də məhkumluq həyatı yaşayan N.Məcidovun nişanlısı İlahənin üzüyü geri qaytarmaq istəməsi olub. İ.Ağayeva nişanlısının tüfeyli həyat tərzi keçirdiyini deyərək ondan ayrılmaq istədiyini bildirib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər