Niyazi Bayramov Recep Öztopla görüşdü

niyazi-bayramov-recep-oztopla-gorusdu
Oxunma sayı: 1748

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncə şəhərinə yeni təyin olunmuş Baş konsulu Recep Öztopla görüşüb.

"Qafqazinfo" xəbər verir ki, Niyazi Bayramov rəsmi qonağı yeni təyinatı ilə bağlı təbrik edib. Şəhər rəhbəri Recep Öztopa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verib. İcra başçısı Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu, daim qardaş ölkənin yaxın dəstəyini hiss etdiyimizi qeyd edərək, bu münasibətlərin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əmin olduğunu bildirib.

Recep Öztop Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın ən gözəl nümunələrindən olan Gəncə şəhərində xidmətə başladığı üçün qürur duyduğunu bildirib. O qeyd edib ki, daha əvvəl Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunda xidmət edib və bu coğrafiyada olmaqdan məmnundur. Baş konsul bugünədək Gəncə şəhərində həyata keçirilən tədbir və layihələrin bundan sonra da davam etdiriləcəyini bildirərək, bu istiqamətdə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyinə inandığını bildirib.

Baş konsula məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib:

"Bu baxımdan il ərzində Gəncə şəhərində bir çox tədbirlər həyata keçiriləcək ki, bu tədbirlərdə Recep Öztop və Baş konsulluğun əməkdaşlarını da görməkdən məmnun olarıq".

Görüşdə Gəncə şəhərində reallaşdırılan bir sıra infrastruktur layihələri barədə məlumat verilib, perspektivdə olan bir sıra məsələlər müzakirə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunaraq şəkil çəkdirilib.