“Niyə ayrıldığımızı özümüz də bilmədik” - 40 ildən sonra danışdı + Video

niye-ayrildigimizi-ozumuz-de-bilmedik
Oxunma sayı: 4762

Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Privet, Andrey” proqramının yeni buraxılışı əfsanəvi azərbaycanlı müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunub.

“Qafqazinfo” xəbər verir ki, artistin vətəndaş nikahlı keçmiş həyat yoldaşı Mila Fiqotina son 40 ildə ilk dəfə verilişə müsahibə verib. O, Müslümlə aralarında 15 il davam edən münasibətlərdən və onun üçün hər şeyə hazır olduğundan bəhs edib. Bildirib ki, müğənni “Koroleva krasotı” (“Gözəllik kraliçası”-red.) mahnısını məhz elə ona həsr etmişdi.

Klavdiya Şuljenko, İosif Kobzon, Gelena Velikanova üçün mahnılar yazan sovet bəstəkarı Boris Fiqotinin qızı, vaxtilə Ümumittifaq radiosunda redaktor çalışmış Mila Fiqotina hazırda ABŞ-da yaşayır.

M. Fiqotina M. Maqomayevi ilk dəfə televiziyada, “Qoluboy oqonyok” proqramında görüb: “Xatırlayıram ki, o, italyan mahnısı oxuyur və oynayırdı. Stula oturdum və dedim: “Əcəb oğlandır”. Sonra təbii ki, onunla musiqi redaksiyasında görüşdük. Musiqi redaktoru olduğum ilk iki mahnı – “Zaqaday jelaniye” (“Arzu tut” - red.) və “Bud so mnoy” (“Mənimlə ol” - red.) idi. Bax bundan sonra o, məni “Qoluboy oqonyok”un çəkilişinə dəvət etdi. Hər ikimizin masa arxasında əyləşdiyimiz anın lent yazısı indiyədək qalıb. Həmin an o, bütün ölkəyə dedi: “Bud so mnoy” (“Mənimlə ol”- red.)”.

“Bu, həyatımın ən yaxşı dövrü idi! Biz cavan idik, biz xoşbəxt idik. Bizim nə evimiz, nə təsərrüfatımız var idi, biz yaradıcılıqda yaşayırdıq. O, ifa edir, bəstələyirdi. Mən isə həyatımın 100%-ni ona uyğunlaşdırmışdım. Hesab edirəm ki, onun kimi insanlar məhz elə belə yaşamalıdır. O, buna layiq idi! Bu, hədsiz maraqlı idi”, - deyə M.Fiqotina xatırlayır.

M. Fiqotina əfsanəvi artistlə ayrılıq səbəbini açıqlaya bilməyib: “Biz niyə ayrıldıq? Nə o, nə mən bilirəm. Yaxşı insanlar nəsə iyrənclik yaydı, mən bilmirəm. Biz bundan çox heyfsilənirdik, tək mən yox, o da. Mən gözəl, dahi insanla yaşamışam. Heç vaxt heç bir müğənni onu təkrarlaya bilməz”.

Qeyd edək ki, M. Fiqotina “Mila və Müslüm. İki nəfərlik musiqi” adlı memuarın müəllifidir.

M. Maqomayevin rəsmi nikahlı birinci həyat yoldaşı tələbə yoldaşı Ofeliya Vəliyeva, ikinci həyat yoldaşı isə SSRİ Xalq artisti Tamara Sinyavskaya olub. Müğənninin birinci nikahından Marina adlı qızı var. O, hazırda ABŞ-da yaşayır.

Videonu buradan izləyə bilərsiniz