Azərbaycanın AŞPA-da nümayəndə heyəti 12 deputatdan ibarətdir. Onların yarısı bu qurumda səsvermə hüququna malikdir. Nümayəndə heyəti üzvlərindən biri də Qənirə Paşayevadır.
Aprelin 9-da AŞPA-da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub və Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququ olan 6 üzvünün hamısı bu qətnamənin lehinə səs verib.
AŞPA-nın 10 aprel iclasında isə Rusiyanın ilin sonuna kimi bu təşkilatda səsvermə hüququndan məhrum edilməsi haqda qərar çıxarılıb. Azərbaycanın səsvermə hüquqlu 6 deputatı bu məsələdə bitərəf qalıb.
Aprelin 14-də “Media forum” saytına açıqlamasında Qənirə Paşayeva deyib ki, bu iki səsverməni bir-biri ilə qarışdırmaq olmaz, çünki bunlar ayrı-ayrı məsələlərdir: “Rusiyanın ilin sonunadək səsvermə hüququndan məhrum edilməsi məsələsində Azərbaycan nümayəndə heyətinin tutduğu mövqenin Ukraynanın ərazi bütövlüyünə aidiyyəti yoxdur. Ona görə də həmin məsələdə Azərbaycan nümayəndə heyəti üzvlərinin bitərəf qalması Azərbaycanın Ukraynanın ərazi bütövlüyü məsələsində neytral mövqe tutması kimi yozula bilməz. Ancaq çox təəssüf ki, Azərbaycanın bəzi KİV-ləri guya Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstək vermədiyi barədə məlumatlar yayır. Bunların hamısı çox yanlışdır, üzücüdür.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü AŞPA-da birmənalı şəkildə dəstəkləyib. Rusiya ilə bağlı müzakirədən bir gün əvvəl, aprelin 9-da Ukrayna məsələsi AŞPA-da çox ciddi şəkildə müzakirə edildi və Azərbaycan nümayəndə heyətinin üzvləri yekdilliklə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qərarın lehinə səs verdi.
Azərbaycan BMT-də hansı mövqeni tutmuşdusa, Avropa Şurasında da həmin mövqeni tutub. Azərbaycan nümayəndə heyəti AŞPA-nın Rusiya ilə bağlı sənədinin Ukraynanın ərazi bütövlüyünə aid hissəsinə də dəstək verib. Çünki ərazi bütövlüyü məsələsi bizim üçün prinsipialdır. Hansı ölkə başqa bir ölkənin ərazi bütövlüyün pozursa, biz bunun əleyhinəyik.
Rusiyanın ilin sonuna kimi AŞPA-da səsvermə hüququndan məhrum edilməsinə gəlincə, Azərbaycan nümayəndə heyəti bu məsələdə bitərəf mövqe tutub və bunun da ciddi səbəbi var. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov öz çıxışında həmin səbəbi aydın şəkildə izah etdi. O bildirdi ki, əgər AŞPA belə addımlara gedirsə, onda eyni qərar Ermənistana qarşı da qəbul olunmalıdır. Səməd Seyidov vurğuladı ki, Ermənistan 20 ildən çoxdur Azərbaycan torpaqlarını işğal edib, amma Ermənistana qarşı sanksiya tətbiq olunmur. Ona görə də ikili standartlardan əl çəkmək lazımdır. Ermənistana qarşı da bu addımlar atılmalıdır. Rusiyanın səsvermə hüququndan məhrum edilməsi məsələsində Azərbaycan nümayəndə heyətinin bitərəf qalması bununla bağlıdır və bu məsələnin Ukraynanın ərazi bütövlüyünə heç bir aidiyyəti yoxdur.
Son xəbərlər
Son Xəbərlər