“Ürək ağrısı ilə bu problemləri işıqlandırırıq. Maraqlıdır, bu qədər dövlət orqanı var. Onların işi bu olduğu halda bunu görmür, amma adi Bakı sakini olan mən bunu görürəm. Niyə görə? Diqqəti cəlb etmək üçün məcbur olub feysbukda paylaşım etdim. Bu bina ilə bağlı hansısa dövlət qurumuna müraciət etmədim. Mən də insanam, bir-bir məktub yazmağa vaxtım yoxdur. Ailəm, uşaqlarım var. Ancaq sosial şəbəkədə bu məsələni qaldırdım”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında ötən gün sosial şəbəkədə Nəsimi rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində əlavə tikinti işlərinin aparılmasını gündəmə gətirən memar Elçin Əliyev deyib.
O, bu məsələyə biganəlik göstərən dövlət qurumlarının fəaliyyətini sərt şəkildə tənqid edib:
“Bina Musa Nağıyev tərəfindən tikilib. Yan-yana iki binadır, bir-birinə bənzəyir. Binaların tikilmə məqsədi gəlir idi. Milyonçular bina tikib icarəyə verirdilər. Hazırda yaşayış binasıdır, lakin damına kobud şəkildə mansard tikilib. Bəlkə də, bunu edən insan öz sahəsində peşəkardır və ya bəlkə də, memarlıq vacibliyini başa düşməyib.
Bu işə peşəkar memar cəlb edilsəydi, başa salardı ki, layihə necə olmalıdır, binanın fasadına mansard necə uyğunlaşdırılmalıdır və s. Mən mansardın əleyhinə deyiləm, bu tip tikililəri sevirəm. Avropanın tarixi şəhərlərində mansard mədəniyyəti var. Bu mədəniyyət bir neçə ildir bizə də gəlib. Amma maraqlısı odur ki, sözügedən mansardı kim layihələndirir?
Professional bir memar belə kobud və primitiv işi qəbul etməzdi. Başa salardı ki, problem yaranacaq”.
Bundan əlavə, E. Əliyev Bayıl qəsəbəsi ərazisində də tarixi binaya qarşı kobud addım atıldığını, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdiyini açıqlayıb:
“Bir neçə ay bundan əvvəl Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsində bir məsələnin şahidi oldum. Həmin ünvanda çox gözəl ikimərtəbəli ev var, tarixi 100 ildən çoxdur. Dəmirdən barmaqlıqları, taxta qapısı var idi, bir sözlə, əla vəziyyətdə idi. Həmin ərazidə poliklinika da yerləşir.
Poliklinikanın yeni rəhbəri həmin evdə dəyişiklik edib, dəmir barmaqlıqları müasir alüminium barmaqlıqlarla əvəzləyib. Çox gözəl nümunə olan taxta qapını plastiklə dəyişdirib.
Bu barədə Mədəniyyət Nazirliyinə məktubla müraciət etdim. Onlara fotolar da göndərdim. Təşəkkür edirəm ki, reaksiya verdilər. Onlar həm Səhiyyə Nazirliyi, həm də yerli icra hakimiyyətinə müraciət etdilər ki, problem aradan qaldırılsın. Hazırda maraqla gözləyirəm ki, hansısa bir tədbir görüləcək, ya yox!”
Son xəbərlər
Son Xəbərlər