“Niyə gündüz deyil, gecə olan kimi ağır texnika işləyir?” - Video

niye-gunduz-deyil-gece-olan-kimi-agir-texnika-isleyir
Oxunma sayı: 2502

Xətai rayonu, İlqar Musayev küçəsi İran Mədəniyyət Mərkəzinin sağ tərəfində yerləşən boşluq ərazidə gecə saatlarında günlərdir ki, qazıntı işləri aparılır. Bəzən saat 1:00-2:00-dək texnika işləyir, uğultudan yatmaq olmur. 

Bu şikayətlə “Qafqazinfo”ya yaxınlıqda yaşayan sakinlər müraciət ediblər. 

Onlar bildirirlər ki, sözügedən ərazidə gündüz vaxtı heç bir iş görülmür, tamamilə sakitlik olur. Ona görə də, ərazidə nə iş görüldüyü dəqiq bilinmir. Hava qaralandan sonra isə buldozerlər, yük maşınları işə düşür. Ehtimal olunur ki, boşluq ərazidəki torpağı qazaraq daşınır, satırlar. 

Məsələ ilə bağlı məlumat almaq üçün Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.  Qurumdan sakinləri narahat edən qazıntı işlərinin həmin ərazidəki zibilləri toplamaq məqsədilə edildiyi bildirildi: “Bu məsələ bir müddət əvvəl də gündəmə gəlmişdi. Həmin ərazi özəl mülkiyyətə aiddir. Lakin darvazası yoxdur deyə yaxınlıqda yaşayan sakinlər ora məişət tullantıları töküblər. Ona görə də ərazidə zibillərin daşınması həyata keçirilib, bir neçə maşın zibil daşınıb. Artıq bu gecədən orada iş bitib, zibillik tamamilə təmizlənib. Xəbərdarlıq olunub ki, bir də gecə saatlarında orada hər hansı iş görülməsin”. 

İcra Hakimiyyəti həmin ərazinin əvvəlki vəziyyəti ilə bağlı fotolar da göndərib.

Gülnar Əliyeva

Hazırkı vəziyyət

Əvvəlki vəziyyət