Qan Turalı
Azərbaycan televiziyası son illərdə tənəzzülə doğru gedir.
Maraq üçün, bir jurnalist əlinə mikrofon götürüb şəhərin küçələrinə düşsə görəcək ki, xalq Azərbaycan kanallarından yayımlanan bircə serialın da adını bilmir.
Adını bilirsə belə doğru-dürüst baxmayıb.
Aktyorların adını da bilmir.
Amma bir də türk seriallarını soruşun.
Mən hələ başqa verilişləri də demirəm.
Ya da xəbərləri...
Orda vəziyyət ümumiyyətlə dramatikdir.
Azərbaycan televiziyası Azərbaycan tamaşaçasını itirib, bundan böyük faciə yoxdur və ola da bilməz.
Televiziyaların öz marağını sürətlə itirdiyi bir dövrdə Murad Dadaşovun “Maşın şou”su insanları ekran qarşısına toplaya bilir.
Şounun yayımlandığı müddətdə istər cəmiyyət istərsə də də yazılı mediada əsas mübahisə mövzularından biri məhz Maşın Şou olur.
Bunun səbəbi nədir və ümumiyyətlə insanlar niyə görə bu şouya maraq göstərirlər?
Açıq etiraf etmək lazımdır ki, Qərbdə və hətta Türkiyədə uğur qazanmış bir çox realiti şou Azərbaycan teleməkanında əməlli reytinq fiaskosuna uğrayıb.
Maşın Şou isə on ildən artıqdır ki, uğur qazana bilib.
Bu uğurun sirri nədədir?
Niyə Maşın Şoudan çox daha güclü layihələr uğursuzluğa düçar olur?
Hər şeydən qabaq Murad Dadaşovun iştirakçıları böyük bir diqqətlə seçdiyinin şahidi oluruq.
Bir neçə intriqan, bir neçə məsum, biri sadə, digəri özündənrazı, biri davakar, biri gənc, biri yaşlı, biri gözdən düşmüş, digəri gözə girmək istəyən, digəri sakit təbiətli...
Bir sözlə, təbii şəkildə konflikt yaradacaq bir neçə insan.
Onlar bir-biri ilə dalaşdıqca əlbəttə ki, şəxsi həyat sferasına keçirlər.
Bu da insanlar üçün maraqlıdır.
Çünki şəxsi həyat daim maraqlıdır.
Elə ilk verilişdən sonra insanlar iştirakçılarla özlərini eyniləşdirməyə başlayır, birini sevir, digərinə nifrət edir.
Başqa bir məqam...
Ortada real nəticə var.
Hər gün bir adam yarışı tərk etməlidir.
Bununla da tamaşaçı bir filmdə olduğu kimi sonluğu, nəticəni görə bilir.
Üstəlik, iştirakçılar xalqa müraciət edərək səs istəyirlər, bu da insanları özlərinə qarşı, lazımlı gərəkli hiss etdirir.
Tamaşaçı oyundakı iştirakçının taleyinin ondan asılı olduğunu da hiss edə bilir.
Əlbəttə, uduş məsələsi də var.
Bu uduş şouya bir idman azartı qatır.
Bir də insanlar, şounu izləməklə gündəlik qayğılarından uzaqlaşır, başqa bir dünyaya düşürlər.
O dünyada ki, hər gün ekranda gördükləri insanlar yazıqlaşır, cılızlaşırlar.
Hərə bir variant ilə səs istəyir.
Və hamı öz istədiyini əldə edir.
Murad Dadaşov reytinqli veriliş, tamaşaçılar əsl şou, iştirakçılar isə şöhrət, məşhurluq...
Ümumiyyətlə, hansı formatın hansı ölkədə tutmasının öz spesifik səbəbi var.
Misal üçün, ABŞ-da futbol heç zaman populyar olmayıb.
Bir sosioloq bunu amerika xalqının yüksək rəqəmlərə olan həvəsi ilə izah edirdi.
Onun fikrincə, amerikalı üçün 1-0 bitəcək bir futbol oyununu 90 dəqiqə izləmək darıxdırıcıdı.
Amma basketbolda bildiyiniz kimi hesab bəzən 100-ü də keçir.
İstər sevək, istər sevməyək, amma reallıq budur ki, Maşın Şou bizim televiziya meyllərimizə uyğun gələn bir proqramdır.
Ordakı mənzərə də cəmiyyətimizin görmək istədiyi bir mənzərədir.
Son xəbərlər
Son Xəbərlər