“Niyə övladlarım belə biabırçı mənzərə ilə üzləşməlidir?” - Video

niye-ovladlarim-bele-biabirci-menzere-ile-uzlesmelidir
Oxunma sayı: 2720

Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində avtomobil yolunun asfalt örtüyü tamamilə sıradan çıxıb. Yolda iri gölməçələr yaranıb, sakinlər yolu keçib getməkdə çətinlik çəkirlər. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı jurnalist Amal Abuşov sosial şəbəkə hesabında görüntülər paylaşıb.  

Onun sözlərinə görə, hazırda yağış yağmasa da, sözügedən küçə palçıqla doludur: “Mənim nə bələdiyyəyə, nə MİS-ə, nə vergiyə, nə işığa, nə suya, nə qaza bir qəpik borcum var. Bəs nə üçün mən və mənim övladlarım hər gün belə biabırçı mənzərə ilə üzləşməli, palçığın, çirkli suyun içi ilə dərsə-işə getməliyik?! Ucqar rayon deyil. Küçənin o başı göz qabağıdır deyə par-par parıldayır, bu biri başı isə... Üfunətli su sonra binanın zirzəmisinə dolur, xəstəlik mənbəyinə çevrilir”.

Şikayətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin küçənin sözügedən hissəsinin təmir məsələsi qaldırılacaq: “Problemlə bağlı aidiyyəti üzrə məlumat verilib. Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçiriləcək”.  

Gülnar Əliyeva