“Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur?”

niye-qadinlara-besti-kifayet-adlari-qoyulur
Oxunma sayı: 1423

Bu gün kəndlərdə aqrobizneslə məşğul olan 350-yə yaxın fermer qadını birləşdirən Azərbaycan Kənd Qadınları Assosiasiyasının təqdimat mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, ölkənin 16 rayonundan gələn kənd qadınları aqrobizneslə yanaşı, bişirdikləri çörək, şirniyyat, toxuduqları müxtəlif geyim və aksessuarları nümayiş etdirib.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, burada əsas məqsəd kənd yerlərində yaşayan qadınların iqtisadi səlahiyyətlənməsi və məşğulluğun artırılmasıdır:

“Artıq 20-dən çox qrup var ki, qadınlar öz bizneslərini formalaşdırıb. Cari ilin mart ayının sonuna kimi Assosiasiyanın üzvlərinin sayının 500 nəfər, qrupların sayının isə 40-a çatması gözlənilir. Qadın qruplarının maliyyələşməsi ilə bağlı innovativ addım atılıb. Belə ki, Assosasiyaya üzv olan və öz biznesini qurmaq istəyən qadınların ilkin olaraq əlində müəyyən qədər vəsait olur və həmin məbləğə uyğun olaraq tərəfimizdən qrant ayrılır. Sözügedən maliyyə yardımı birdəfəlikdir və geri qaytarılmır. Gələcəklə bağlı əsas hədəflərimizdən biri də odur ki, onlara maliyyə dəstəyi verərək bizneslərini daha da inkişaf etdirək”.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə qadınlara qarşı ayrıseçkilikdən danışıb: “Mən çox şadam ki, qadınlar indiki şəraitdə öz yolunu tutub, şəxsi bizneslərini qurmaqda maraqlıdır. Keçirdiyimiz sorğuların nəticəsinə əsasən onu deyə bilərəm ki, yüksək bal toplayan uşaqların uğurlarının böyük səbəbkarı elə ali təhsilli valideyn, xüsusilə də analardır. Qadınlar adət-ənənələrimizi qoruyub saxlamaqla yanaşı həm də müasir düşüncəyə malik olmalıdır. Biz gərək stereotiplərin əsiri olmayaq. Çox zaman bu stereotiplər bizim əl-qolumuzu bağlayır. Ailə quranda bizdən belə bir istək olur: 7 oğul istərəm, bircə dənə qız-gəlin. Niyə? Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur? Qadınlar öz uğurları ilə bu kimi fikirlərin yanlış olduğunu sübut etməlidir”.

Tədbirdə bildirilib ki, birinci mərhələdə 5 rayonda 88 qadın üzvü birləşdirən 6 qadın qrupu ilkin olaraq öz resursları ilə bizneslərinə başlayıb və altı ay ərzində öz əmanətləri və birdəfəlik qrantla birlikdə 46 min dollar məbləğində vəsait əldə edə bilib.

Günel Hacı

Foto: Pərvin Zeynal