Nizami Gəncəvi saxtalaşdırılıb

nizami-gencevi-saxtalasdirilib
Oxunma sayı: 2983


Neçə gün əvvəl Facebook-da yazmışdım ki, Vikipediyada Nizami Gəncəvinin milliyəti fars və kürd kimi yazılıb. Bu yanlışlığın aradan qaldırılması üçün kömək istədim. Hərə öz təklifini irəli sürdü. Biri dedi ki, “Vikipediya ciddi sayılmır”, o biri qayıtdı ki, “cəhənnəmə yazsınlar, əksəriyyət bilir ki, Nizami bizimdir”. Hətta bəziləri təklif etdi ki, ziyalılar Vikipediyaya müraciət ünvanlasınlar. Bəzi azərbaycanlılarımız Nizaminin milliyətinə dair özlərinin “fərqli” fikirlərini ortaya qoysalar da, çoxları yazdı ki, Nizami Gəncədə anadan olub və Azərbaycana məxsusdur. Əgər Çingiz Abdullayev rusca yazırsa, bu onun azərbaycanlı olmadığına dəlalət etmir. 

Nə isə. Sözümün canı var. Elə bu vaxt vaxtilə Azərbaycanda doğulmuş və İqtisad Universitetini bitirmiş, hazırda Bruklin şəhərində yaşayan biri yazdı ki, “siz tarixi dəyişmək istəyirsiniz? Nizaminin atası fars, anası kürd olub”. Qeyd edim ki, bu adam burada SOCAR-da işləyib. Sonra Bruklinə köçüb və Azərbaycanın əleyhinə statuslar yazır, fəal kampaniya aparır. Sözüm ondadır ki, belə müxalif adam (lar) təkcə ölkənin yürütdüyü siyasətə qarşı barışmaz mövqe sərgiləmirlər, həm də heyif çıxmaq üçün şair və yazıçılarımızın milliyyətini saxtalaşdırmağa da əl atırlar. 

Nizamidən qurtarıb Bakı Avropa Oyunlarına keçdi. İçi kin və pasla dolu olduğundan boşalmaq istəyirdi. Nizami Gəncəvi söhbəti sadəcə zəmin rolunu oynadı. Yazdı ki, “Azər bəy, siz Avropa Oyunlarından qürur hissi keçirməyinizi yazmaqla, psevdo vətənpərvərlik nümayiş etdirirsiz. Halbuki həmin gün evləri sökülənlərin gözünə yuxu getmədi”.  

Mən: - Hansı evləri sökülənlər?

O: - Bayıldakı evlərin sökülməsini nəzərdə tuturam. “Avroviziya” yarışması öncəsi sökdülər, adamlar çöldə qaldı. 

Mən: - Sizə bir sualım var. Tutaq ki, yaşadığınız Bruklin şəhərində uca və yaraşıqlı binalar arasında pis vəziyyətdə olan evlər görünür. Və həm də bu evlər sürüşmə zonasında yerləşir, onlar hər an ölüm təhlükəsi ilə üzləşə bilərlər. Onda Bruklin şəhərinin rəhbərliyi nə edər?

O: - Bruklin şəhərinin rəhbərliyi ilk növbədə mülkiyyət hüququnu əsas götürər. 

Mən: - Adamların təhlükəsizliyini nəzərə almaz?

O: - Alar. Amma sakinlərə kompensasiya ödəyər. 

Mən: - Bayıldakı evlər söküləndə sakinlərə kompensasiya ödənilib. 

(Söhbəti başqa istiqamətə yönəltdi).

O: - Amma Bakıdakı Avropa Oyunlarının keçirilməsi xalqa lazım deyildi. 

Mən: - Lazım deyildisə, bəs niyə adamlar yarışlara tamaşa etmək üçün hər gün bilet axtarırlar. Heç Pekin və London Olimpiadaları zamanı da idman saraylarına bizdəki qədər tamaşaçı toplanmamışdı.  Artıq bağlanış mərasiminin biletləri də çoxdan satılıb qurtarıb.

O: - Bekar adamlar çoxdur.

Mən: - Olimpiya stadionuna toplaşan 68 min tamaşaçı da bekar idi?

O: - Bu Avropa Oyununda qürur keçiriləsi heç nə görmürəm. 

Mən: - Niyə görmürsüz? 24 illik müstəqillik tarixi olan bir ölkənin Avropaya idman sevincini yaşatmasının, onun idmançılarını bir araya toplamasının nəyi pisdir ki?

O: - Yox, mən bunu qəbul etmirəm. 

(Bu yerdə “Bəyin oğurlanması” filmindən bir zarafat da etdim).

Mən: - İstəməzsiz ki, sizi – uzaq Midiya səhrasında görsünlər, tanısınlar?

O: - Mənə elə tanınmaq lazım deyil.

Mən: - Siz ümumiyyətlə bu ölkədə heç bir yaxşı işi görmürsüz? Yəni, doğrudanmı bu ölkədə hər şey qara rəngdədir?

O: - Bəlkə də yaxşı işlər var. Amma o qədər cüzidir ki, pisliklərin arasında görünmür. 

O yazdı, mən yazdım. Sonda anladım ki, bu insanda açıq-aşkar qərəz gizlənir. Və bütün gecəni onunla yazışmaya həsr etsəm də, xeyri olmayacaqdı. Çünki bu insanın bu millətə kin-kidurəti o qədər güclü idi ki, beyninə yeridilən proqramı silmək mümkünsüz görünürdü: Azərbaycana nifrət proqramı. Belələrini dəyişmək çox gecdir. Bəlkə də Azərbaycanda qalsaydı, gələcəyi daha yaxşı olardı. Amma ola bilsin Bruklin kafesində qab yuyub ordan bura pislik püskürməyi daha üstün tutur. 

P.S. Bu yazını yazıb bitirəndən sonra onu blok etdim. Əvvəl saxlayırdım ki, bəlkə fikirlərində müəyyən dəyişikliyə nail olum. Amma gördüm ki, xeyri yoxdur.