Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı: İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Sahibkarları Milli Konfederasiyasının, Dövlət Məşğulluq Agentliyinin, KOBİA-nın rəsmi nümayəndələri və sahibkarlar iştirak edib.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı: İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” adlı videoçarx nümayiş olunub.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkə iqtisadiyyatının bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verib.
Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirib. Respublikamızda kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilib, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazası yaradılıb, bu sahədə bir sıra dövlət proqramları qəbul olunub, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi təşkil edilib. Ulu Öndərin ölkəmizdə azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü tədbirlər öz müsbət təsirini göstərib və özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artıb.
Xüsusilə vurğulanıb ki, əsası Heydər Əliyev tərəfindən qoyulan yeni iqtisadi siyasət, sahibkarlığın inkişafına xidmət edən iqtisadi və sosial islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.
Tədbirdə həmçinin Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva, Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Sahibkarları Milli Konfederasiyasının üzvü, “Tuna Printing Publishing” şirkətinin təsisçisi Rəşid Çulaqov, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev, Azərbaycan Quş Əti və Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli və "Bakı İnşaat Sənaye" ASC-nin direktoru Ramiz Əhmədov iqtisadiyyatın inkişafında sahibkarlığın rolu ilə bağlı müxtəlif mövzularda çıxış ediblər.
Son xəbərlər
Son Xəbərlər