Nizami rayonunda konfrans keçirildi - Fotolar

nizami-rayonunda-konfrans-kecirildi
Oxunma sayı: 1545

Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə bu gün “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfrans keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı videoçarx nümayiş olunub.

Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub.

Xüsusi olaraq vurğulanıb ki, ulu öndər Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək lider yetişdirib. 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirib, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər edib.

Prezident İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirib. Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur. Ölkəmiz gündən-günə güclənərək və inkişaf edərək yeni çağırışlara cavab verməklə mətin addımlarla irəliləyir.

Konfransın sonunda Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami RİH-in təşkilatçılığı ilə keçiriən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.