Nizami Rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu ” adlı videofilm nümayiş olunub.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Vətən müharibəsi qazisi, ehtiyatda olan baş leytenant Qədir Daşdəmirov və Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış ediblər.
Xüsusilə vurğulanıb ki, dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də müasir və modern Azərbaycan Ordusunun yaradıcısı Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Aparılmış məqsədyönlü tədbirlərin və həyata keçirilən islahatların məntiqi nəticəsidir ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusu statusuna malikdir, dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan ordusu Qalib ölkənin Qalib Ordusu olduğunu bütün dünyaya bəyan etdi.
Ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə fəxr edir.
Konfransda “Şahin” hərbi-idman oyunun şəhər birincisi və Respublika üçüncüsü olmuş 229 saylı tam orta məktəbin komandası mükafatlandırılıb, həmçinin YAP üzvlüyünə qəbul edilmiş şəxslərə vəsiqələr təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər