Nizamidə əmək yarmarkası təşkil olundu - Fotolar

nizamide-emek-yarmarkasi-teskil-olundu
Oxunma sayı: 1397

Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 iyul 2023-cü il tarixində "Wyndham Garden Baku" mehmanxanasının “Xan Çinar” zalında Nizami rayon sakinləri üçün yarmarka təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, əmək yarmarkasında Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Regional Məşğulluq filialının müdir müavini Orxan Novruzov, Rayon İcra Hakimiyyətinin və Məşğulluq filialının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əmək yarmarkasında dövlət və özəl sektordan olan 13 müəssisə iştirak edib. Yarmarkaya gələnlərə işəgötürənlər tərəfindən 412 yeni iş yeri təqdim edilib. Təqdim olunan iş yerləri üzrə əməkhaqqı 345-1400 manat təşkil edib.

Yarmarkada işəgötürənlər tərəfindən təqdim olunmuş vakansiyalara uyğun gələn vətəndaşlar, həmçinin müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər dəvət olunmaqla ümumilikdə 200 nəfərdən artıq vətəndaşın iştirakı təmin olunub.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Eyni zamanda, tədbir iştirakçılarına Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və xidmətlərindən olan peşə hazırlığı kursları, peşəyönümü məsləhətlər və işəgötürənlərə maraqlı olan layihələr, sosial qayğıya ehtiyacı olan ailələr üçün yaradılan özünüməşğulluq imkanları barədə ətraflı məlumatlar verilib və müvafiq xidmətlər göstərilib.