Nizami rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş olub.
“Qafqazinfo”ya daxil olan məlumata görə, görüşün məqsədi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına dəstək olaraq məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması işinə rayon sahibkarlarının öz töhfələrini vermək arzusu olub.
Görüşdə “Rahatlığın Məkanı”, “Gündüz-AS”, “REA”, “FVS-İnşaat”, “Yusifoğlu-İnşaat”, “İnteks”, “Vesta Construction”, “İnşaat Konstruksiyaları”, “AKT Co LTD”, “Karat-2016”, “Bakılı”, “H+A” MMC-lərinin, “Yeni Dövr”, “Orbita”, “XXI Əsr” MTK-larının rəhbərləri və nümayəndələri iştirak edib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək ölkə başçısı İlham Əliyev tərəfindən "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edildikdən sonra bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atıldığını, on minlərlə ailə üçün yeni qəsəbələr salındığını, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib məcburi köçkünlərin istifadəsinə verildiyini, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirildiyini vurğulayıb.
Görüşün sonunda “Orbita” MKT-nin rəhbəri Famil Bağıyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı sahibkar və şirkət rəhbərlərinə ünvanlanan çağırışına dəstək məqsədilə ilk belə tədbirin Nərimanov rayonunda keçirildiyini qeyd edib.


Son xəbərlər
Son Xəbərlər