Bu gün Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” mövzusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, rayonun idarə və təşkilatlarının, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai birliklərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə RİH başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr verib.
Akademik Zərifə Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılıb. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb.
Qeyd olunub ki, Zərifə Əliyeva “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə və oftalmologiya aləmində ən yüksək akademik “Averbax” adına mükafata layiq görülüb. Z.Əliyeva bu mükafata layiq görülən ilk qadındır.
Tədbirdə, həmçinin Mili Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, görkəmli oftalmoloq, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru, professor Paşa Qəlbinur, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə Quliyeva və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov akademik Zərifə Əliyevanın mənalı ömrü və parlaq fəaliyyəti ilə bağlı müxtəlif mövzularda çıxış edib, onun elmi irsindən indiki və gələcək nəsillərin, xüsusilə də Azərbaycan gənclərinin hər zaman lazımınca bəhrələnəcəyini bildiriblər.
Çıxışlardan sonra “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” adlı videofilm nümayiş olunub.
Tədbir Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan bədii hissə ilə davam edib.










Son xəbərlər
Son Xəbərlər