“Nolub, dollar qalxdı yenə?”

nolub-dollar-qalxdi-yene
Oxunma sayı: 3760

Fərid Hüseyn

Azərbaycan dilindən Azərbaycan dilinə “tərcümə” etməyin vaxtı çoxdan çatıb. Ölkədə texnologiya, maliyyə, neft sektoru və s. haqqında danışanlara diqqət etsək görərik ki, bəziləri təkcə adam yox, həm də canlı “termin kitabları”dır.

Bank sahəsində yayılan informasiyalarda vəziyyət biabırçı həddədir, xalqa elə ifadələrlə, ağır terminlərlə məlumat verirlər ki, elə bil bütün Azərbaycan maliyyə-kredit fakültəsinin dekanıdır. Düşdüyü durumdan, ailəsinin çətinliyindən, güzəran ağırlarından, artan kredit borclarından başını itirən insanları bu cür ağır, yersiz terminlərlə, ağır informasiyalarla daha da çaşdırırlar. Guya, xalqa ünvanlanan, istiqrazlarla bağlı yazıdan seçdiyin anlaqsız, çətin başa düşülən ifadələrə baxaq:

“likvidlik əməliyyatları”

“uçot dərəcəsi”

“faiz dəhlizi”

“pul siyasəti alətləri”

“risk idarəetməsi”

İnanın, bu sözlərin ayır-ayrılıqda mənasını bilən adam belə cəm halda başa düşmür ki, ondan nə istəyirlər. Onsuz bank adı gələndə çoxları səksənir ki: “Nolub, dollar qalxdı yenə?”. Hələ də manatın dəyərdən düşməsinə “dollar qalxdı” deyən, devalvasiya” sözünü indi-indi özününküləşdirib, düzgün tələffüz edib, amma səhv yazan adamları belə terminlərlə yükləmək, onları çaşdırmaq nə dərəcədə düzdür?

Başa düşürəm, yüksək mövqeli məmurlar terminlərlə, daha savadlı danışmalıdırlar. Bəs bank niyə sadə xalq üçün yaydığı informasiyada insanları belə dolaşıq ifadələrlə çatdırmaqla nə əldə edir?

Günümüzə baxın: klassik ədəbiyyatdan danışanlar ərəb-fars ifadələrindən, həkimlər latın dilindən, maliyyəçilər iqtisadi terminlərdən əl çəkmirlər və nəhayətdə xalq bir-birini başa düşmədən “rahatca” yaşayır.

Mövzu haqqında acı reallıqları əks etdirmək üçün iki situasiyanı nəql edib fikrimi yekunlaşdırıram:

1. Yaxın günlərə yolum ölkənin böyük banklarından birinə düşmüşdü. Bir xanım kredit almaq üçün yaxınlaşanda müştəriləri çoxluğu ilə əlaqədar ona kredit şərtləri yazılmış buklet verdilər ki, özü oxuyub anlasın, əgər bilgilər onu qane etsə yaxınlaşar. Qadın bukleti 3-4 dəfə oxudu, 2 dəfə mənə oxutdurdu, qandığım kimi izah elədim, amma gördüm ki, nəsə şübhəli gəldi dediklərim. Axırda yenə bank işçisindən soruşmalı oldu. Həmin bukletdə yazılanları – dolaşıq sözləri, yersiz terminləri düşündükcə dəhşətə gəlirəm... Samuel Bekketin “Qodonun intizarında” pyesində bir məqam var, qəhrəmanlar tövrlərini pozmadan bir müddət anlaqsız, başadüşülməz sözlərlə danışırlar və hər şey normal davam edir... Ölkə “Absurd teatrı”na çevrilməkdə olsun sizə nədən danışım, ikinci məsələdən...

2. Bu əhvalat da yaxın günlərdə olub. Yolu düzgün keçməmiş bir dost danışır ki, polis məni cərimələdi, hirslənib dayanmadım, çünki polis yolu səhv keçən adamlara göz yumub məni saxladı.

O, polisə yalnız onu saxlaması ilə bağlı irad bildirəndə polis deyib ki, hamın eyni vaxtda saxlaya bilməz. Nə isə, cərimə ödəmək üçün bildiriş qeydiyyat ünvanına yetişəndə ailə üzvləri kağızı oxuyub bərk qorxub. Bildirişdə cərimə ödəmək üçün polis idarəsinə çağırılmağı elə ifadələrlə qeyd olunubmuş ki, sanki 200 nəfəri öldürüb qaçıb...