Növbəti “Oxu günü” - Fotolar

novbeti-oxu-gunu
Oxunma sayı: 1336

Aprelin 23-də Bakının Nəsimi rayonunda yerləşən “Zorge” parkında Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti və “Hədəf” nəşrlərinin təşkilatçılığı ilə ikinci dəfə “Oxu günü” keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, “Oxu günü” layihəsinin həyata keçirilməsinə təşkilati dəstək verən Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, “Medika Hospital”, “Qlobal Karyera” İnstitutu, “ASAN Könüllüləri” və “Hədəf” kursları və bir çox idarə və təşkilatların nümayəndələri bu aksiyada iştirak edib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev oxucuları salamlayaraq, kitabın həyatımızdakı mühüm rolundan söhbət açıb. Bildirib ki, “Oxu günü”ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klublarının bir araya gəlməsi, insanların kitabla bayramlaşması layihənin böyük uğurundan xəbər verir.

“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunmuş layihənin əsas məqsədlərindən biri də fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi olub.

Həmçinin layihə çərçivəsində Xalq Yazıçısı Çingiz Abdullayevin, Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbasın kitablarının, Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlunun “Hədəf” nəşriyyatında çapdan çıxmış “Tomris Xan” və şairə Zərəngiz Dəmirçi Qayalının “Xan” nəşriyyatında dərc edilmiş “Oğul” kitabının da təqdimatı, müəlliflərin oxucularla görüşü və “imza günü” keçirilib.