Bu gün paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qurumun Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarında əsas küçə və prospektləri bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyub.
İməcilik zamanı məhəllədaxili və ara yollar da yuyulub.
Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.
Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə fəal şəkildə iştirak ediblər.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.
Paytaxtın sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.
***
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 549 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, çoxsayda rəngbərəng güllər əkilib.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olub.