Baharın gəlişinin carçısı olan Novruz bayramı Suraxanı rayonunda da böyük izdihamla qeyd olunub. Martın 17-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı ümumrayon tədbiri keçirilib.
Meydanın ortasında yerləşdirilən səməni, eləcə də novruzun personajları olan Bahar qızı, Keçəl, Kosa şənliyə gələn qonaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş ediblər. Məclisə faytonda daxil olan el ağsaqqalı Dədə Qorqudun cəngavərlərlə birgə “Atəşgah Məbədi”ndən götürdüyü odla bayram tonqalını alovlandırması və xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etməsi Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub.
“Qafqazinfo” xəbər verir ki, icra hakimiyyətinin başçısı Əziz Əzizovun rayonun, Milli Məclisin deputatı Afət Həsənovanın, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin və rayon ictimaiyyətinin qatıldığı bayram şənliyində mədəniyyət müəssisələrinin, qəsəbə nümayəndəliklərinin və bələdiyyələrin təqdimatında müxtəlif sənət nümunələrinin nümayiş olunması, milli rəqslər və musiqilər, xoruz döyüşü, cəngi sədaları altında idmançıların rəngarəng çıxışları və kəndirbazların akrobatik hərəkətləri qonaqların əhval-ruhiyyəsinə bayram ovqatı qatıb.
Yazın gəlişini bildirən və xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, ümumtəhsil məktəblərinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları və maraqlı çıxışları, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Əziz Əzizov Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.
Tədbirdə xalqımızın min illər boyu, qoruyub saxladığı, milli mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramının qədim köklərə aid olduğunu və hər kəsin qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin bu bayramı hələ o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkəmiz miqyasında yüksək səviyyədə təşkil olunmasında və böyük sevgiylə keçirilməsində əvəzsiz rolunun olduğu, məhz Ulu Öndərin sayəsində Respublikamız müstəqilliyini bərpa etdikdən sonra xalqımızın öz adətlərini, milli dəyərlərini, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etdiyi vurğulanıb.
Hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmiş bu qələbədə canlarından keçməklə xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün Şəhidlərimizin xatirəsi bu əziz gündə bir daha ehtiramla yad edilib.